Fiziologiya: İnsanın sağlamlığı orqan və toxumaların oksigen və qida maddələri ilə təminatından asılıdır. Orqanlara oksigen və qida maddələrini qan çatdırır. İnsan oturan kimi qan dövranın sürəti təxminən 4 dəfə azalır və 200-dən artıq əzələ daha az işləyir.
Məktəbyaşlı uşaqlar oyaq vaxtının 25%-ni sinifdə keçirir. Mövcud dünya təhsil texnologiyaları və sinif otaqlarının təchizatını şərtləndirən amillər həmin müddət ərzində uşaqların sinifdə oturaq vəziyyətdə olmasını tələb edir.
Beləliklə, uşaqlar 11 il ərzində sinifdə oturaq vəziyyətdə olduğundan qan dövranının sürəti orta hesabla 4 dəfə azalır, 200-dən artıq əzələsi isə daha az işləyir. Ayaq üstə işləməyə vərdiş edən uşaqlarda isə qan dövranı normal, əzələ fəallığı yüksək olur. Deməli, ayaq üstə işləməyə vərdiş edən uşaqların daha sağlam olması və normaya uyğun fiziki inkişafda olması aksiomadır.
2) Uşaqlar ayaq üstə işləyərkən yorulacaq. Uşaq tez yorulursa, nə etmək lazımdır? 15 dəqiqə ayaq üstündə dayanmağa hər uşaq dözə bilmirsə, vaxtı dəyişmək olarmı?
Fiziologiya: Oturaq və ya fəal həyat tərzi – vərdişdir. Nizami Gəncəvinin «Sirlər xəzinəsi» əsərindəki «Fitnə» hekayətini xatırlayaq. Məktəbəqədər təhsil pilləsində oturaq həyat tərzinə vərdiş etmiş uşağa fəal həyat tərzinə uyğunlaşmaq üçün bir qədər vaxt lazım olur. Daha çox oturaq həyat tərzinə vərdiş etmiş uşaqlar üçün istisna olaraq məktəbə adaptasiya dövründə ayaqüstə iş masasından oturacaqlı masaya yerdəyişmə intervalını azaltmaq olar. Əməliyyat keçirən və ya fiziki problemləri olan uşaqlar üçün xüsusi şərait yaradılır: bir uşaq üçün həm ayaqüstə iş, həm də oturacaqlı masa qoyulur.
3) Uşaq ayaq üstdə çox dayansa, ayaqlarında damarların genişlənməsi ola bilərmi?
Fiziologiya: Ümümiyyətlə uşaqlarda damarların varikoz genişlənməsi nadir hallarda rast gəlinir. Bunun da əsas səbəbi irsi patologiyadır. O ki, qaldı ayaq üstə çox dayanmaq anlayışına, bəli, yaşından asılı olmayaraq əgər hər hansı bir insan, saatlarla hərəkətsiz(!) ayaq üstə qalmaq məcburiyyətində olsa, bu varikoz xəstəliyinin inkişafına zəmin yarada bilər. Əksinə, alimlər böyüklərə və xüsusən də, uşaqlara varikoz xəstəliyinin profilaktikası məqsədilə mümkün qədər az oturaq vəziyyətdə olmağı, gününü fəal keçirməyi tövsiyə edirlər.
Oturaq halda çanaq və diz büküşündə olan damarların sıxılması və ayaq əzələlərinin işləməməsi nəticəsində venoz qanın sürəti azalır, venalardan qan tam geriyə qayıda bilmədiyi üçün aşağı ətrafın venoz damarlarında yığılaraq onların genişlənməsinə səbəb olur. Hərəkət zamanı isə əzələlərin işləməsi damarların sıxılmasına və qanın daha yaxşı hərəkətinə şərait yaradır.
4) Olarmı ki, hər bir uşağın fərdi olaraq həm hündür, həm də oturacaqlı masası olsun? Yerdəyişmə vaxtı uşaq yerini dəyişmək istəmir, nə etmək lazımdır?
Sosiologiya: Bu bir tərbiyə prosesidir. Uşaqlar yerlərini dəyişən zaman, onlara ünsiyyət üçün münbit şərait yaranır. Monitorinqlərin nəticələri göstərir ki, Sağlam Təhsil siniflərində uşaqların sosiallaşması daha tez və rahat baş verir, ünsiyyət və əməkdaşlıq bacarıqları daha yaxşı inkişaf edir.
Fiziologiya: Nəzəri olaraq hər uşağı fərdi ayaq üstə iş üçün və oturacaqlı partalarla təmin etmək olar. Lakin, bunu etmək üçün hər uşağa sinifdə minimum 4m2 sahə nəzərdə tutulmalıdır ki, bu da 24 şagird üçün bir sinif otağının ölçüsünün minimum 96m2 olmasını tələb edir. Gigiyenik tələblərə görə bir nəfərə 2- 4 m2 sahə uyğun hesab edildiyini və Azərbaycanın əksər məktəblərində sinif otaqlarının ölçüsü 48m2 və 36m2 olduğunu nəzərə alaraq ST siniflərində hər uşağa minimum 2-2,5 m2 sahə məqsədəuyğun hesab edilir.
5) 15 dəqiqədən bir yerdəyişmələr və trenajorlarda məşqlər uşaqların diqqətinin yayınmasına səbəb ola bilərmi?
Psixologiya: Kiçik yaşlı məktəblilərin diqqəti tam ixtiyari olmur və diqqətin həcmi orta hesabla 15 dəqiqə çərçivəsindədir. Dərs zamanı yerdəyişmə və trenajorlar vasitəsilə yerinə yetirilən hərəkətlər onların diqqət obyektini dəyişir və növbəti mərhələdə diqqətin cəmləşdirilməsinə şərait yaradır, bu da məktəblilərdə diqqətin inkişafında mühüm rol oynayır.
Fiziologiya: 6 yaşlı uşaqların bir dərsdə yazı müddətinin dərsin əvvəlində 2dəq 40san, sonunda 1dəq 45san, fasiləsiz oxu müddətinin 8 dəq (V.R.Kuçma, 2001) olması tövsiyə edilir. Bundan əlavə , hər 15 dəqiqədən mikropauzaların verilməsi (idman dəqiqələri) uşaqlarda baş beyin qabığında yeni yorulmamış sahələri işə cəlb etməklə əqli yorulmanın qarşısını alır. Tavanda Universal Simvollar Sxemləri – göz əzələlərini gücləndirir, dayaq – hərəkət aparatını inkişaf etdirir və sinfin künclərində Vizual Vestibulyar Məşqçi Sistemi – reaksiya, yan baxış və vestibulyar aparatı inkişaf etdirir.
Sosiologiya: Hər 15 dəqiqədən bir yerdəyişmələr uşaqlar arasında sosiallaşma prosesini sürətləndirir.
6) Uşaqlar oturmayanda onları sakit saxlamaq çətindir.
Psixologiya, Pedaqoqika: Təlim prosesi uşaqların Fizioloji, Psixoloji, Sosioloji tələblərini nəzərə alaraq qurulmalıdır. Oturaq vəziyyətdə insanın qan dövranının sürəti 4 dəfə azalır ki, bu da uşağın fiziki, idraki, emosional fəallığının aşağı enməsinə səbəb olur. Belə halda uşağı idarə etmək daha asandır. Belə «asan idarəetmə» isə uşağın fiziki-psixi inkişafına, idraki fəallığına əngəllər yaradır və onu «sakit saxlamaq» da asanlaşır.
Uşağın tam və hərtərəfli inkişafını təşkil etmək üçün isə fəaliyyət sərbəstliyi və eyni zamanda təlim prosesinin maraqlılığı təmin olunmalıdır. Beləliklə, lazım olan məsələlər uşaqların maraqlarına uyğun şəkildə təqdim edilərsə, şagirdlər fiziki-psixi fəal və sərbəst olar və eyni zamanda diqqəti müəllimdə olar. Sinifdə isə hay-küy deyil, işgüzar səs-küy yaranar ki, bu da onların psixoloji və sosial inkişafı baxımından əhəmiyyətlidir.
7) Uşağın dərsə ümumiyyətlə marağı yoxdursa, nə etmək lazımdır?
Psixologiya, Sosiologiya, Pedaqogika: Kiçik yaşlı məktəblilərin məktəb şəraitinə adaptasiyası müəyyən bir vaxt tələb edir. Əgər bu müddətdən sonra şagird qaydalara riayət etmirsə, deməli emosional iradə sahəsində müəyyən psixoloji problemləri var.
Əgər şagird dərs prosesinə maraq göstərmirsə , deməli o məktəb yetkinliyi səviyyəsinə çatmayıb və ya dərs prosesi, tapşırıqlar tərtib edilərkən ayrı-ayrı uşaqların maraqları nəzərə alınmayıb. Belə hallarda müəllim məktəb psixoloqu və valideynlə yaxından işləməlidir. Həmin uşaqla fərdi iş təşkil edilməli, maraqları sinfə gətirilməlidir. Öyrənmə prosesi də maraqlara köklənməlidir.
8) Mənim uşağımda dərsə maraq yoxdur, yalnız hərəkətlər etməyə həvəsi var. Bu nə ilə bağlıdır?
Fiziologiya, Psixologiya, Pedaqogika: Əgər uşaq oturmağı sevmirsə və hərəkətliliyə meyillidirsə – bu uşağın sağlam vərdişi və təbii normal halıdır. Maraq məsələsinə gəldikdə isə müəllim və psixoloq birlikdə həmin uşaq üçün hərəkətdə olarkən yerinə yetirilə bilən təlim tapşırıqları işləyib hazırlaya bilər. Bu zaman uşağın marağında olan fəaliyyətlər onun öyrənmə kimi ehtiyacı ilə bir araya gətirilir. Yəqin çoxlarının yadındadır, uşaq vaxtı biz xəstələnəndə, analaramız acı dərmana şəkər qatıb bizə içirdərdi. Dərman ehtiyacımız, şəkər isə sevdiyimiz marağımız idi. Uşağın təlim-tərbiyəsində də bu nəzərə alınmalıdır. Beləliklə, pedaqoji proses uşağın fiziki-fizioloji və psixoloji xüsusiyyətlərini nəzərə alaraq qurularsa, uşağın öyrənməyə marağı yüksək olar. «Sağlam Təhsil» siniflərində ayaq üstə iş üçün parta və hərəkət sərbəstliyi belə uşaqların məktəbə adaptasiyasını xeyli asanlaşdırır.
9) Partaların səthinin 16 dərəcədə olması və boya uyğunlaşdırılması nəyə lazımdır?
Fiziologiya: «Düz səthli masa görməni zəiflədir, kürəyi əyir» – bunu artıq 19-cu əsrin sonunda uşaq və yeniyetmələr gigiyenası elminin banisi F.Erisman sübut və bəyan etmişdir. “Sağlam Təhsil” siniflərində 18 gigiyenik tələbə cavab verən, həm oturaq vəziyyətdə, həm də ayaq üstə iş üçün nəzərdə tutulmuş partalar istifadə edilir. “Sağlam Təhsil” masalarının səthi uşaqların günəş kələfinə uyğun və 16 dərəcə bucaq altında tənzimlənir. Masaların belə quruluşu göz ilə iş səthi arasında məsafənin 30-35 sm olmasını təmin edərək başın həddən artıq aşağı əyilməsinin və çiyinlərin enməsinin qarşısını alır, qaməti düzgün formalaşdırır, yazı və oxu zamanı vərəqin hər tərəfindəki işarələrin göz tərəfindən eyni bucaq altında görünməsinə və görmə orqanının yüklənməməsinə şərait yaradır.
10) STS-də az da olsa pisləşmə və ənənəvi siniflərdə müəyyən yaxşılaşma hallarını nə ilə izah etmək olar?
Fiziologiya, Psixologiya, Sosiologiya: Sağlam Təhsil siniflərində məktəblilər oyaq qalma vaxtının təxminən 25%-ni sərf edirlər. Bu müddət ərzində onların sağlamlığında əhəmiyyətli dərəcədə müsbət dəyişiklər qeyd edilir. Lakin, sağlam təhsil texnologiyaları şagirdlərin sağlamlığını yalnız dərs müddətində qoruya və inkişaf etdirə bilir. Sinifdən kənar vaxtlarda isə (75% ) baş verən proseslər (ev şəraiti, ailə mühiti, gün rejimi, qidalanma, məktəbdənkənar fəaliyyət və s.) valideynlərin məsuliyyətinə aiddir. Bu müddət ərzində uşaqların həyat tərzi onların sağlamlıq vəziyyətinə öz təsirini göstərir.
11) Ənənəvi siniflərə nisbətən çox əl işləri ilə məşğul olurlar, riyaziyyat və ana dili fənlərindən digər siniflərdən geri qala bilərlər? Nəyə görə birinci əl işi, sonra nitq quruculuğu?
Fiziologiya: İbtidai sinif şagirdlərində birinci siqnal sistemi (təmas və hərəki analizatorlar) ikincidən (söz) üstündür. Əyani vasitələrdən istifadə (yapma, rəsm və s.) ali sinir fəaliyyətinin yaş xüsusiyyətlərinə uyğun gələrək təlim prosesini asanlaşdırır (V.Əliyev, 1995). Fizioloji olaraq sübut edilmişdir ki, xırda əl əzələlərinin işi beyin funksiyalarının inkişafına kömək edir.
Psixologiya: Əl işləri birbaşa kiçik motor bacarıqların inkişafı ilə əlaqəlidir. Bu isə birbaşa təfəkkürün və nitqin inkişafına müsbət təsir göstərir.
Pedaqogika: Əl işləri əyləncə kimi qəbul edilməməlidir.
a) Bir çox uşaqlar yapma və rəsm çəkməyə böyük maraq göstərirlər. Yapma və rəsm çəkmə prosesində uşaqların kiçik motor bacarıqları inkişaf etməklə bərabər, həm də onların maraqları təmin olunur ki, bu da öyrənmə keyfiyyətini yüksəldir.
b) Uşaqlar öz əlləri ilə yapdıqları əşyalar, çəkdikləri rəsmlərə dair misal və məsələlər tərtib edir, onları həll edir, onlar barədə hekayələr, nağıllar qururlar. Qurduqları nağılları yazır və oxuyurlar. Bu fəaliyyətlər onların kiçik motor, yaradıcılıq, riyazi, şifahi və yazılı nitq bacarıqlarının formalaşmasına və hərtərəfli inkişafına gətirib çıxarır.
12) Vizual Vestibulyar Məşqçi Sistemin işıqları uşağın gözünə təsir edir. Trenajorda məşq edəndə gözü ağrıyır. Niyə? Bu trenajor uşaqlarda refleks yaradır? Bu onların psixi durumuna necə təsir göstərəcək? Lampalar çox sürətlə yanır, onların sürətini azaltmaq mümkündürmü?
Fiziologiya, Psixologiya: Hazırlıqsız insana qərar qəbul etmək üçün 2-3 saniyə tələb olunur. 1 saniyə 1000 milli saniyədir. Məsələn, qılınc oynatma ilə məşğul olan insanın çevik qərar qəbul etməsi artıq vərdış halına keçir və bunun üçün milli saniyələr kifayət edir. Sinfin künclərində Vizual Vestibulyar Məşqçi Sistemin lampaları 250 milli saniyə surəti ilə yanır. Uşaqlar bacardığı gədər yanan işıqları gözlə müşayiət edir. Zaman keçdikcə çeviklik artır və «gözü ilə tutduğu» işıqların sayı çoxalır. Sinfin künclərində Vizual Vestibulyar Məşqçi Sistemi – reaksiya, yan baxış və vestibulyar aparatı inkişaf etdirir. Adaptasiya dövründə çevikliyi inkişaf edən zaman ürək bulanma, göz ağrısı ola bilər. Ürək bulanma vestibulyar aparatın məktəbəqədər dövürdən zəif olmasından irəli gəlir. Çeviklik də – vərdişdir. Bu vərdişi inkişaf etdirmək üçün isə davamlı məşq etmək lazımdır. Gələcəkdə həmin vərdiş insanların (sürücü, piyada, əsgər və başqa) həyatını bir çox kritik hallarda xilas edir.
13) Sinifdə turnik niyə oğlanlar üçündür, bəs qızlar ? Niyə qızlara turnikdən dartınmağa icazə verilmir?
Fiziologiya, Pedaqogika: Bərabərlik eynilik deyil. Uşaqların eyni dərəcədə fizioloji sağlam olması baxımından, gender bərabərliyini təmin etmək məqsədi ilə qız və oğlanların fərdi təlabatları nəzərə alınmalıdır. Odur ki, ilkin 2500 şagird arasında keçirilən monitorinq göstərir ki, 11-ci sinifdə oğlanların 40%-i normal fiziki inkişafdan geri qalır. Qızlarda isə bu rəqəm 2 dəfə azdır. Dünya təcrübəsi göstərir ki, oğlanların sağlam olması üçün qızlardan 3-5 dəfə daha çox hərəkətə ehtiyacı var. Məhz bu ehtiyacı qarşılamaq üçün oğlanlara hərəki fəallıq imkanı yaradan turniklər ST siniflərinə asılmışdır. Bu heç də elə qəbul edilməməlidir ki, hər hansı bir qız şagirdin hərəkətliliyə ehtiyacı yüksəkdirsə, onlara turnikdən istifadəyə icazə verilmir. Sadəcə turnikdə davamlı dartınmalar yuxarı ətraf və çiyin əzələlərinin intensiv inkişafına səbəb olur ki, bu da qızların bədən quruluşunun kişi forması almasına, çanağın inkişafının ləngiməsinə gətirib çıxara bilər. Oğlanlar turnikdə məşq edən zaman, qızlar fərdi təlabatlarına görə çanaq inkişafı üçün oturub-durma kimi məşqlər edirlər. Bütün uşaqlara bərabər inkişaf və təlim imkanları yaratmaq müasir təhsilin əsas prinsiplərindəndir. Bununla belə, hər bir şagirdin də fərdi ehtiyaclarının ödənilməsi şərtdir.
14) Niyə qız qızla , oğlan isə oğlanla oturmalıdır? Mən bunun əleyhinəyəm. Onlar dərsdə danışırlar, oğlan-qız oturanda nizam-intizam olur. Oğlan-qız: bölgü bərabər olmalıdır? İndiki vaxtda, oğlanlar çoxluq təşkil edir, və sinifdə oğlan və qızların sayı bərabər olmur, bu qızlara mənfi təsir edə bilər?
Psixologiya, Sosiologiya, Pedaqogika: Bərabərlik eynilik deyil. On iki yaşına qədər qızlar oğlanlardan fiziki-psixi baxımdan daha sürətlə inkişaf edir. Qızların fitrətində qayğıkeşlik hissi qabarıq olduğundan, dərs zamanı onlar oğlanlara çatdıra bilmədikləri işlərdə kömək göstərirlər. Bir çox hallarda verilən tapşırıqları daha sürətlə və keyfiyyətlə yerinə yetirib oğlanlara üstün gəlirlər. Cütlərlə iş təlim formasından istifadə edən müəllim oğlan və qızı bir cütlükdə birləşdirərsə, qızların bir cox hallarda tezliklə təşəbbüsü ələ alması və tapşırığın icrasında daha fəal olması müşahidə edilir. Oğlanlar isə köməkçi və ya müşahidəçi rolu oynayır. Belə hallar həmin yaş mərhələsində oğlanların təlim nailiyyətinə təsir etməklə yanaşı, həm də onların özünə inamını azaldır. Bu kimi halların qarşısını almaq və həm oğlan, həm də qızlara bərabər təlim şəraiti yaratmaq üçün müəllimlərə tövsiyə edilir ki, oğlanları oğlanlarla, qızları isə qızlarla əyləşdirməyə üstünlük versinlər.
15) Sağlam Təhsil təşkili yalnız ibtidai siniflər üçün yararlıdır, sonra lazım deyil?
Fiziologiya, Psixologiya: İnsan sağlamlığını qorumaq üçün psixo-fizioloji gigiyena tələblərinə cavab verən şərait nəinki yuxarı siniflərdə, həmçinin ali təhsil zamanı və iş yerlərində təşkil edilməlidir.
16) Dərsin çox vaxtı elə hər 15 dəqiqədən bir yerdəyişmə və trenajorlarda məşqlərdə sərf olunacaq ?
Fiziologiya, Pedaqogika: Hər 15 dəqiqədən bir yerdəyişmə və trenajorda məşq cəmi 2 dəqiqə vaxt aparır. Toplam 45 dəqiqə dərsdə iki dəfə yerdəyişmə və trenajorlarda məşqlərə ən çox 4-5 dəqiqə vaxt sərf olunur.